Yazın gəlişinə saylı günlər qalsa da qış öz sərt üzünü göstərməkdə davam edir. Belə ki, ötən gecədən Şamaxı rayonuna yağan qar yerli sakinlərə çətin anlar yaşadıb. Ötən gecədən Şamaxıya yağan güclü qar Şamaxı-Pirqulu avtomobil yolunda nəqliyyatın hərəkətində məhdudiyyətlər yaradıb. Çovğun və buzlaşma nəticəsində sürücülər yolda qalıb. Dağ kəndlərinə gediş-gəlişdə fasilələr yaşanıb.
Əraziyə 19 nömrəli xüsusi təyinatlı yol idarəsinin canlı qüvvə və texnikası cəlb olunub. Ancaq güclü külək və çovğunla müşaiyət olunan qar yolların təmizlənməsini çətinləşdirir. Yolların buzdan təmizlənməsi və nəqliyyat vasitələrinin intensiv hərəkətinin təmin olunması üçün işlər davam etdirilir.
Hazırda da Şamaxının Dəmirçi və ətraf kəndlərində qar yağışı müşahidə edilir. Dağ kəndlərində qarın hündürlüyü 50 santimetri ötüb. Bakı-Şamaxı-Yevlax yolunun Şamaxıdan keçən hissəsində isə avtomobillərin hərəkətində ciddi çətinlik qeydə alınmayıb.
Çərşənbə axşamı, 12 Mart 2024 15:59