Çərşənbə axşamı, 12 Mart 2024 15:39

Şamaxıda yel çərşənbəsi qeyd edilir...

Bu çərşənbədə oyanan yel və külək dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir, torpağa yeni nəfəs verir. Ona görə bu çərşənbəyə xalq arasında "yelli-küləkli" çərşənbə deyirlər.

Yel çərşənbəsi Şamaxının Dəmirçi kəndində də özünəməxsus şəkildə qeyd olunur. Baharın gəlişinə sayılı günlər qalsa da kəndin yaxınlığında olan dağlar ağ örpəyə bürünüb, amma havanın sərt, soyuq olması yerli sakinləri bayram abu-havasından kənarda qoya bilməyib. Kənd sakinləri hər il olduğu kimi, bu il də yazın, baharın müjdəçisi olan yel çərşənbəsinin gəlişini qarşılamaq üçün, isti evlərindən çıxıb bayram tonqalı ətrafında toplaşıblar.

Qız-gəlinlərin hazırladıqları şəkərbura, paxlava,səməni halvası, şirin çörəklər, boyanan yumurtalar, cücərdilən səmənilər, şux bayram rəqsləri, aşıqların, folklor qruplarının çıxışları isə çərşənbəyə xüsusi rəng qatıb. Azərbaycan xalqının milli adət-ənənəsinə görə çərsənbələrdə küsülülər barışmalı, qohumlar bir-birini ziyarət etməli, evlərdə bayram süfrəsi açılmalı, yumurta döyüşdürülməlidir.

Novruz çərşənbələrinin dördü qeyd olunsa da, deyimlərə görə, yeddi çərşənbə var. Bunlardan üçü Oğru, dördü isə Doğru çərşənbədir. Oğru çərşənbələr həm də yalançı çərşənbə adlanır. Bir sözlə, xalqımız milli adət-ənənələrini yaşadır, gələcək nəsillərə ötürür. Bu ilki bayram həm də bütöv Azərbaycan torpaqlarında keçirilməsi ilə əlamətdardı. Beləliklə, Sudan, Oddan, Yeldən keçib axır çərşənbənin - Torpaq çərşənbəsinin astanasına yetişdik. Sularımız axsın, ocağımız yansın, küləyimiz əssin, torpağımız dirçəlsin. Çərşənbələr hamımıza uğur, bərəkət gətirsin!

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S