DİM martın 10-da tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. İmtahanlarda 53 mindən çox şagird biliyini sınayıb. İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 236 imtahan binası, 4043 imtahan zalı ayrılıb. İmtahanlar işğaldan azad olunmuş Laçın, Füzuli və Zəngilan rayonlarında da baş tutub. İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon,1 nəfərdə isə ağıllı saat aşkarlandığı üçün imtahandan xaric edilib. Qeyd olunan hallarla bağlı araşdırma aparılır. Əməkdaşlarımız imtahan prosesini Zaqatalada izləyiblər. Buraxılış imtahanları Zaqatala şəhər 1, 2, 3 nömrəli və Qazangül qəsəbə tam orta məktəblərdə, Zərifə Əliyeva adına Texniki təmayüllü liseydə təşkil olunub. Zaqatalada ümumilikdə 1196 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 16 imtahan rəhbəri və 113 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 96 zal ayrılıb. İmtahanda istifadə edilmiş test tapşırıqlarının cavabları imtahandan dərhal sonra Mərkəzin saytına yerləşdirilib. Bu gündən etibarən isə DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur. Xatırladaq ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.