Bura Şəkinin “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən Mirzə Fətəli Axundzadə küçəsidir. Küçənin mərkəzindən su kanalı keçir. Həmin su kanalının isə bir neçə yerdən istinad divarı dağılıb. Artıq kanalın istinad divarının dağıldığı yerlərdə yolun torpaq qatı görünməyə başlayıb. Yaxınlıqda bir çox yaşayış evinin yerləşdiyi, hər gün nəqliyyat vasitələrinin keçdiyi yolun bu vəziyyətə düşməsi sakinləri narahat edir. Məsələ ilə bağlı Şəki Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Müraciətimizə cavab olaraq bildirildi ki, 2024-cü ildə şəhərin abadlıq və quruculuq işləri üçün nəzərdə tutulan vəsait hesabına həmin ərazidə təmir işlərinin aparılması nəzərdə tutulub. Ümid edirik əhalinin mütəmadi istifadə etdiyi yolda hər hansı bədbəxt hadisə baş vermədən problem tezliklə həllini tapar...