Qazaxıstanın Almatı şəhərində "Heydər Əliyev və gənclər siyasəti” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans Azərbaycanın Qazaxıstan Səfirliyinin Almatı şəhərindəki nümayəndəliyi, Gənclər Fondunun dəstəyi və Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub. Qazaxıstan Milli Kitabxanasında baş tutan tədbirdə Ümumilli liderin 100 illik yubileyinə həsr edilən fotosərgi təşkil edilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycan Qazaxıstan münasibətlərindən bəhs edən qısametrajlı film nümayiş olunub. Konfransda Qazaxıstanın böyük mütəfəkkiri, Azərbaycan xalqının dəyərli dostu Oljas Süleymenovun iştirakçılara videomüraciəti səslənib. Oljas Süleymenov Heydər Əliyevlə olan xatirələrindən danışıb. Tədbirdə çıxış edən Milli Məclisin deputatı Naqif Həmzəyev öz növbəsində deyib ki, Azərbaycanla Qazaxıstan münasibətləri bu gün ən yüksək səviyyədədir. O bu münasibətlərin qurulmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, Prezident İlham Əliyevin bu münasibətləri uğurla davam etdirdiyini bildirib. Konfransda daha sonra diaspor fəalları, Qazaxıstandan olan professorlar, gənclər çıxış edib.