Şamaxı-İsmayıllı-Muğanlı avtomobil yolunda qar yağması səbəbindən çətinliklər yaranıb, yolun buz bağlaması avtomobillərin hərəkətinə mane olub, müvəqqəti tıxac yaranıb. Xüsusilə də Lahıc qəsəbəsi istiqamətində gediş-gəliş dayanıb. Magistralda müəyyən hissələr qardan təmizlənsə də hazırda gediş-gəliş təhlükəli olaraq qalır. Yağan qar Şamaxı-Göylər-Padarçol avtomobil yolunu iflic edib. Çöl Göylər - Bakı istiqamətində hərəkət edən yük avtomobillərinin sürücüləri gecəni yolda keçirməli olublar. Çəkiliş apardığımızdan xəbər tutan Yol idarəsinin canlı qüvvə və texnikası yola qum-duz qarışığı səpdikdən sonra hərəkət qismən bərpa olunub. Ancaq rayonun Çaylı, Quşçu və Laləzar kəndləri istiqamətində vəziyyət gərgin olaraq qalır. Şamaxı, İsmayıllı və Qəbələnin dağətəyi yaşayış məntəqələrində qarın hündürlüyü 40 sm-i ötüb. Sözügedən ərazilərdə qarla yanaşı, qatı duman da müşahidə edilir. Gecə saatlarında şaxtalı hava səbəbindən yolların buz bağlayacağı ehtimal edildiyindən aidiyyatı qurumlar sürücülərə mümkün qədər yola çıxmamalarını tövsiyyə edir.