Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində üzərində odlu silah gəzdirən Şəki şəhər sakini, əvvəllər Rusiya Federasiyasında adam oğurluqları, eləcə də digər ağır cinayətlərə görə məhkum olunmuş 40 yaşlı Ruslan Hacısəlimov saxlanılıb. Həmin şəxsin üzərindən “Makarov” markalı tapança, həmin silaha məxsus 5 ədəd patron və daraq aşkar edilərək götürülüb. Ekspertizanın rəyinə əsasən Ruslan Hacısəlimovdan götürülən silah-sursatın atəşə tam yararlı olduğu müəyyən edilib. Digər əməliyyat-istintaq tədbirləri nəticəsində isə Şəki şəhəri ərazisində silsilə oğurluqlar edən qardaşlar, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş - Əli və Məhəmməd İsaqovlar saxlanılıb. Onların mağazadan 1300 manat pul, qəbiristanlıqdan 800 manat dəyərində dəmir məhəccərlər, avtomobillərdən pul kisəsi və akkumulyatorları oğurladıqları müəyyən edilib. Araşdırma zamanı saxlanılan şəxslərin oğurladıqları dəmir məhəccərləri və akkumulyatorları satdıqları, əldə etdikləri pulu isə öz aralarında böldükləri məlum olub. Faktlarla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, saxlanılanların digər cinayətlərdə iştiraklarının olub-olmaması araşdırılır. Məhkəmənin də qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.