Ölkədə qış turizminin inkişafı üçün labüd olan bir sıra şərtlər var. Sözsüz ki, bunların başında qar və qar əyləncələri gəlir. Bu istiqamətdə hazırda önə çıxan turizm məkanlarından biri də Qəbələdə yerləşən Turizm İstirahət Kompleksidir. Kompleks turistləri yay aylarında da özünə cəlb etsə də, bura qış turizminin inkişafına xidmət edir. Son günlərdə qarın yağması ilə əlaqədar qış turizminin inkişaf etdiyi bölgələrə üz tutan turistlərin sayında artım müşahidə edilir. Qəbələdə yerləşən "Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksində yerli turistlərlə yanaşı, xaricdən olan ziyarətçilərin də sayı artıb. Qarlı dağlarda kanatla gəzintiyə çıxmaq, xizəklə sürüşmək üçün xüsusən isti ölkələrdən Qəbələyə gələn qonaqlar bu anı yaşamaqdan zövq alırlar. Avropanın qış turizm mərkəzlərindən geri qalmayan kompleksdə bütün şərait yaradılıb. Bunun nəticəsidir ki, Qəbələ son zamanlar Avropa və MDB ölkələrindən də turistləri özünə cəlb edir. Gün ərzində 3 mindən artıq turisti qəbul etmək gücündə olan kompleksdə xizək trasında 8 sürüşmə zolağı ziyarətçilərin istifadəsinə verilib. Qeyd edək ki, 2023-cü ildə Qəbələ 80 mindən çox yerli və xarici turisti qəbul edib. Əcnəbilər arasında Səudiyyə Ərəbistanının vətəndaşları əvvəlki illərdə olduğu kimi, yenə də üstünlük təşkil edib. Belə ki, ötən il bu ölkənin 11 min 421 vətəndaşı Qəbələdə olub. Həmçinin Rusiya, Türkiyə, İsrail, Qazaxıstan, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Türkiyəli turistlər də istirahət üçün Qəbələni seçib. Bu il ərzində isə turistlərin sayında ən az 20% artım gözlənilir.