Şəkidə görkəmli alim Tağı Musəvinin tədqiqatları üzrə hazırlanan “Şəkinin orta əsrlər tarixi” kitabının təqdimatı olub. Tədbirdə rayon rəsmiləri, deputat və ziyalılar iştirak edib. Əvvəlcə kitabın təqdimatına həsr olunmuş videoçarx nümayiş olunub. Ardınca AMEA-nın Şəki Regional Elmi Mərkəzi Tarixi irs və etnoqrafiya şöbəsinin müdiri Rahim Həsənovun və M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin əməkdaşı Aydın Məmmədovun birlikdə tərtib etdikləri “Şəkinin Orta əsrlər tarixi” adlı kitabdan bəhs olunub.
Vurğulanıb ki, kitabın elmi redaktoru tarix elmləri doktoru, professor Mehman Süleymanovdur. Nəşrə millət vəkili Vüqar İsgəndərov ön söz yazıb. Kitabda tədqiqatçı alim Tağı Musəvinin 1969-cu ildə “Şəki fəhləsi” qəzetində hissə-hissə çap olunmuş “Şəkinin Orta əsrlər tarixi haqqında” adlı geniş məqaləsinin elmi-tənqidi mətni, XVI-XVIII əsrlər Şəkisinə aid tərcümə etdiyi rəsmi sənədlər öz izahları ilə birlikdə geniş oxucu kütləsinə təqdim olunur. Bu araşdırmala da əsasən Şəki ilə Səfəvilər dövləti arasındakı münasibətlər, Şəkinin Səfəvilər dövlətində mövqeyi, bölgədə baş verən ictimai-siyasi proseslər və s. məsələlər yer alıb.
Cümə, 19 Yanvar 2024 14:21