Həftəsonu ölkə ərazisində müşahidə olunan qarlı, şaxtalı hava şəraitinin ardınca bu gün yağıntı azalıb. Qarlı və dumanlı hava şəraiti İsmayıllı-Muğanlı magistralı və Ağsu aşırımında avtomobillərin hərəkətinə fasilələr yaratsa da hazırda bir çox istiqamətlərdə yollar açıqdır. Buna baxmayaraq, qarlı havanın yaratdığı çətinliklər bəzi yollarda hələ də qalmaqdadır. Sözügedən ərazilərdə havanın temperaturu mənfi 6 dərəcəyədək düşüb. Xüsusilə səhər və axşam saatlarında havanın dumanlı, çiskinli olması, eləcə də dağlıq və dağətəyi rayonlarda, külək tutan açıq ərazilərdə, körpülərdə yol örtüyünün buz bağlaması nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirməklə yanaşı, sürüşmə ehtimalını da dəfələrlə artırır. Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək, onlardan mövcud hava şəraitini düzgün qiymətləndirməyi, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edir. Qeyd edək ki, həftəsonu Şamaxı və İsmayıllı rayonlarına yağan güclü qar ölkə əhəmiyyətli və rayondaxili yollarda nəqliyyatın hərəkətini iflic edib. Qar səbəbindən Muğanlı ərazisində 200-dən çox avtomobil yollarda qalıb .