Şəkidə torpaq və əmlak idarəçiliyinə həsr olunan zona müşavirəsi keçirilib. Tədbirdə dövlət əmlakının idarə edilməsi, istifadəsi və mühafizəsinə nəzarət olunması, bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərin mülkiyyətinə və ya icarəsinə verilməsi ilə bağlı rəyvermə işləri və digər məsələlər, elektron baza xəritələrinin işlənməsi barədə məlumat verilib. Bildirilib ki, Şəki, Qax, Balakən və Zaqatala rayonları üzrə ümumilikdə 355 min hektar ərazidə torpaq və üzərindəki daşınmaz əmlaklar barəsində kadastr məlumat bazası yaradılıb. Müşavirəə həmçinin torpaqların təyinatına uyğun istifadə edilməməsi, sahələrinin ayrılmasında nöqsanlara da toxunulub. Bildirilib ki, son bir il ərzində Əmlak Məsələləri Dövlət Xidmətinin adıçəkilən rayonlarda monitorinqləri zamanı torpaq qanunvericiliyinin pozulması ilə bağlı 584 fakt aşkar edilib və 268 inzibati protokol tərtib edilib. Torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması və aradan qaldırılması istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə fəaliyyətin genişləndirilməsi, ciddi tədbirlərin görülməsinin vacibliyi diqqətə çatdırılıb. Sonda iştirakçıların sualları cavablandırılıb, təklifləri dinlənilib.