Şəki Dövlət Dram teatrında Azərbaycanın ilk dramaturqu M.F.Axundovun \\\"Hekayəti xırs-quldurbasan\\\" dramının əsasında hazırlanan eyni adlı tamaşanın premyerası baş tutub. Yeni quruluşda hazırlanan səhnə əsərində cəmiyyət daxili bir sıra problemlərə işıq tutulub. Ülvi məhəbbətin pula, mal-dövlətə olan hərisliklə mübarizəsindən danışan tamaşa Bayramla Pərzadın sevgi macərası üzərində qurulub. Ancaq Pərzadın əmisi Məşədi Qurban ölmüş qardaşının var-dövlətinin başqasına qismət olmasını istəmir. Bunun üçün də Pərzadı öz oğlu Tarverdiyə nişanlayır və onlara toy etməyə hazırlaşır. Çətin vəziyyətə düşən Bayram sevgilisini Məşədi Qurbanın pəncəsindən qurtarmaq üçün Tarverdiyə tələ qurur. Onu qızışdıraraq quldurluğa göndərir. Tarverdi quldurluqda tutulur və Bayram öz sevgilisinə qovuşur. Gənc rejissor Orxan Həmidlinin təqdimatında tamaşa fərqli bədii-estetik məziyyətləri ilə fərqlənir. Aktyorların mükəmməl oyunu ilə tamaşa həyati olduğu qədər də canlı və əyləndiricidir.