Azərbaycanın bugünkü inkişafının təməl daşı kimi dəyərləndirilən “Əsrin müqaviləsi”nin imzalanmasından 29 il ötür. Məhz bu müqavilə ölkəmizin neft-qaz sənayesinin, ümumilikdə Azərbaycanın bugünkü və gələcək inkişafının başlanğıcı olub. Bu fikirlər Qaxda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan toplantıda səsləndirilib. “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda Heydər Əliyev Mərkəzində keçirilən tədbir Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin müdrik rəhbərliyi, fövqəladə təşkilatçılıq bacarığı, gərgin və yorulmaz əməyi sayəsində respublikamız çox qısa bir zamanda geniş, dinamik inkişaf yoluna qədəm qoyub. Məhz Ulu Öndərin o zaman Azərbaycanı düçar olduğu iqtisadi çətinliklərdən, geriliklərdən tezliklə qurtarmaq əzmi ilə həyata keçirdiyi geniş miqyaslı tədbirlər sayəsində ölkəmiz inamla irəli getməyə, tərəqqi etməyə başlayıb. Diqqətə çatdırılıb ki, “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın qarşısında yeni üfüqlər açılıb, ölkənin ikitərəfli və çoxtərəfli münasibətlərinin davamlı inkişafı, milli-iqtisadi tərəqqi üçün əlverişli zəmin yaranıb, Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrilib. Sonda “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” adlı videoçarx nümayiş olunub.