Zaqatalanın Car və Yuxarı Tala kəndləri ərazisinə dolu düşüb. Güclü külək səbəbindən bir-neçə ağac aşıb. Rayonun yüksək dağlıq ərazilərinə isə qar yağıb. Dağlıq və dağətəyi ərazilərinə yağan leysan yağışları səbəbindən rayonun Tala, Zilban, Bəkməz və digər çaylarında su səviyyəsi artıb və çaydan qısa müddətli sel keçib. Bəkməz çayında yaranan sel səbəbindən Car kəndi və Qazangül qəsəbəsi ərazisində üç körpü yararsız hala düşüb. Yuxarı Tala kəndini Meşleş kəndi ilə birləşdirən yol yararsız hala düşüb. Nəticədə 20-dən çox ailənin yaşadığı Meşleş kəndinin mərkəzlə əlaqəsi məhdudlaşıb. Məcrasından çıxan Zilban çayı Zilban kəndinin körpüsünü yararsız hala salıb. Həmçinin ərazidən keçən qaz xətti də zədələnib. Bu səbəbdən rayon mərkəzinin bir hissəsinə təbii qazın verilməsində fasilə yaranıb. Tala çayının məcrasından çıxması səbəbindən rayonun Yolayrıc kəndini sel suları basıb. Sel suları kənddə 100-dən çox sakinin təsərrüfatına ciddi ziyan vurub. Rayonun bir çox ərazisində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Hazırda müvafiq idarə və təşkilat nümayəndələri ərazilərə ezam edilib, təmizlik və təmir işləri aparılır, dəymiş ziyanın miqyası hesablanır. Qeyri-sabit hava şəraiti Balakən rayonunda da bir-sıra fəsadlar törədib. Qabaqçöl qəsəbəsinə dolu yağıb. Rayon mərkəzinə, Hənifə və Tülü kəndləri ərazisinə isə leysan yağıb. Leysan nəticəsində bir sıra evlərin birinci mərtəbəsinə, zirzəmilərinə və həyətyanı sahələrə yağış suları dolub. Rayon mərkəzində iki irigövdəli ağac yıxılıb. Bir çox yaşayış məntəqəsində qeyri-sabit hava şəraiti səbəbindən elektrik enerjisinin verilməsində fasilə yaranıb. Hazırda aidiyyəti qurumlar ərazidə müvafiq tədbirlər həyata keçirirlər.