Ötən gün axşam saatlarından başlayaraq Zaqatala və Balakən rayonları ərazisində hava yenidən kəskin pisləşib, güclü külək əsib və rayonlara leysan yağıb. Güclü külək və leysan daha çox Zaqatala rayon ərazisində müşahidə olunub. Təbii fəlakət nəticəsində rayon mərkəzində, rayonun dağ ətayi kəndləri olan Yuxarı Çardağlar, Car, Axaxdərə, Mazıx, Qəbizdərə və rayon mərkəzinə yaxın Göyəm, Aşağı Tala, Yuxarı Tala kəndlərinin inzibati ərazilərində ağaclar yıxılıb, elektrik naqilləri qrılıb. Gecə saatlarından rayonun demək olar ki, 80 faiz ərazisində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Leysan səbəbindən Tala, Katex, Balakən və digər çaylarda suyun səviyyəsi hədən artıq qalxıb, çaylardan qısa müddətli sel keçib. Yuxarı Çardaqlar, Car, Axaxdərə, Mazıx, Qəbizdərə, Yuxarı Tala, Göyəm və Aşağı Tala kəndlərində bəzi sakinlərin həyətyanı sahəsinə və evlərinin birinci mərtəbəsinə yağış suları dolub. Əkin sahələrinə, həyətyanı sahəsindəki bostan-tərəvəzə və meyvə ağaclarına ciddi ziyan dəyib. Hazırda müvafiq idarə və təşkilat nümayəndələri əraziyə ezam edilib, təmir bərpa işləri aparır, dəymiş ziyanın miqyası dəqiqləşdirilir.