Balakəndə Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidməti birgə əməliyyat keçirib. Çətin relyefli dağ-meşə massivində narkotik plantasiyası salan, dövlətlərarası axtarışda olan, oğurluq edən və üzərində qanunsuz odlu silah-sursat gəzdirən ümumilikdə 9 nəfər tutulub.Ucqar dağlıq ərazidə yerləri müəyyən edilən narkotik plantasiyasından çəkisi 350 kiloqrama yaxın 568 ədəd çətənə kolu, eləcə də külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Həmçinin, 1-i “PK” markalı pulemyot olmaqla ümumilikdə 8 odlu silah, 290 ədəd patron və 4 əl qumbarası ələ keçirilib. Əməliyyatlar zamanı törətdiyi cinayətə görə barəsində dövlətlərarası axtarış elan edilmiş Vüsal Ömərov və rayonun Qazma kəndində yerləşən uşaq bağçasından kompyuterləri oğurlayan İzzət Məsiyev də saxlanılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.