Cümə, 01 Sentyabr 2023 15:42

\"Azərbaycan dili və Ədəbiyyatı Forumu\"

Şamaxının gələcəkdə ədiblər yurdu kimi UNESCO-nun mədəni irs siyahısına salınması təklif olunacaq. Milli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən Azərbaycan dili və ədəbiyyatı forumunda çıxış edən mədəniyyət naziri Adil Kərimli forumun açılışının Şamaxıda keçirilməsinin təsadüfü olmadığını bildirib. Forumdan əsas gözləntilərə toxunan nazir bu sahədə problemləri müzakirə etmək və bu problemləri gələcəkdə dövlət strategiyasında nəzərə alınacağını deyib. Yazıçılar birliyinin üzvü Sabir Rüstəmxanlı dilçilik sahəsindəki problemlərin müzakirəsi üçün forumun böyük əhəmiyyət daşıdığını bildirib. Bundan əlavə Azərbaycan dili və ədəbiyyatı forumunun davamı olaraq növbəti mərhələdə rəssamlıq və musiqi forumunun da keçirilməsi nəzərdə tutulub. Forumda elm və təhsil naziri Emin Əmrullayev Azərbaycandan kənarda yaşayanların ana dilində təhsillə bağlı problemlərdən də danışıb. Bildirib ki, xaricdəki soydaşlarımızın ana dilində təhsillə bağlı çətinlik çəkməsi nəzərə alınaraq bu tədris ilindən başlayaraq onlar üçün  onlayn Azərbaycan dili dərsləri keçiriləcək. Forum “Qloballaşmanın Azərbaycan dilinə təsiri və Ana dilimizin saflığının qorunması mexanizmləri”, “Azərbaycan dili və ədəbiyyatı zaman kontekstində: klassik ənənələr və müasir trendlər” mövzusunda panel iclasları ilə davam edib. Qeyd edək ki, tanınmış dilçi və ədəbiyyatşünas alimlərin, yazıçı və naşirlərin qatıldıqları Forum işini sentyabrın 3-4-də Bakıda davam etdirəcək. Mütəxəssislərin Forum çərçivəsindəki fikir və təklifləri ümumiləşdirilərək “Azərbaycan mədəniyyəti – 2040” Dövlət Proqramında əksini tapacaq. 

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S