Şamaxıda II Milli Qurama Festvalı keçirilib. Şamaxı şəhərinin girişində qədim tikmə növü olan Qurama yürüşü ilə başlanan tədbir Şamaxı Yaradıcılıq Mərkəzində davam etdirilib. Tədbirdə quramaların hazırlanması barədə ustad dərsləri keçilib, dekorativ sənət nümunələri nümayiş olunub, quramaçı sənətkarların əl işlərindən ibarət satış yarmarkası təşkil edilib. Layihənin həyata keçirilməsində əsas məqsəd bəzi ənənəvi sənət növləri kimi unudulmaq təhlükəsi yaşayan \"Qurama\" sənətinə yeni həyatın verilməsidir. Qeyd edək ki, Milli Qurama Festivalı \"İçərişəhər\" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə 2020-ci ildən başlayaraq keçirilir. Tədbir musiqi proqramı ilə yekunlaşıb.