Ölkənin müxtəlif regionlarında silsilə şəklində keçiriləcək toxum sərgi-satış yarmarkalarının növbəti ünvanı Şamaxı rayonu olub. Toxum sərgi-satış yarmarkası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Aqrar İnnovasiya Festivalları çərçivəsində keçirilib. Heydər Əliyev parkında keçirilən festivalda Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Göyçay rayonlarından olan fermerlər iştirak edib. Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyasının təşkilatçılığı ilə keçirilən yarmarkalar yerli toxum bazarının formalaşması, sertifikatlı toxumlara əlçatanlığın təmin edilməsi, toxum istehsalçıları ilə fermerlər arasında birbaşa münasibətlərin qurulması məqsədi daşıyır. Yarmarkada fermerlərə regionun torpaq-iqlim xüsusiyyətlərinə uyğun olaraq sortların seçilməsi, toxumun təmizlənməsi, dərmanlanması, aqrotexniki qulluq qaydaları barədə ətraflı məlumatlar verilib. Toxum sərgi-satış yarmarkası ilə yanaşı festivalda kənd təsərrüfatında ixtisaslaşmış çoxsaylı şirkətlər tərəfindən texnika, aqreqatlar, pilotsuz uçuş aparatları, suvarma texnologiyaları, gübrə, pestisid nümunələri, əkin materialları sərgilənib. Növbəti toxum sərgi-yarmarkası avqustun 25-də Ağstafa rayonunda təşkil olunacaq.