Şəkidə Aqrar İnnovasiya Festivalı keçirilib. Festival çərçivəsində bu il ilk dəfə olaraq toxum sərgi-satış yarmarkaları təşkil olunub. Toxum bazarını və yerli toxumçuluğu inkişaf etdirmək, həmçinin payızlıq əkinlər ərəfəsində fermerlərin sertifikatlaşmış, iqlimə uyğun, keyfiyyətli toxuma əlçatanlığını təmin etmək məqsədilə Şamaxı, Ağstafa, Qusar, Ağcabədi, Hacıqabul, Sabirabad, Biləsuvar rayonlarında toxum-sərgi satış yarmarkaları təşkil ediləcək. Yarmarkalar Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Dövlət Toxum Fondu və Azərbaycan Toxumçular Assosasiyasının birgə təşkilatçılığı ilə keçirilir. Şəkidəki festivalda toxum sərgi-satışı ilə yanaşı festivalların ənənəsinə uyğun olaraq müxtəlif kənd təsərrüfatı texnologiya və məhsulların nümayişi təşkil olunub, fermerlərin maarifləndirilməsi üzrə təlimlər keçirilib. Festivalda Kənd Təsərrüfatı Nazirliyinin qurumları və digər dövlət müəssisələri, yerli toxum istehsalçıları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, eləcə də kənd təsərrüfatının digər sahələrində ixtisaslaşmış yerli şirkətlər iştirak ediblər. Sərgidə dənli, (arpa, buğda), tərəvəz bitki sortları və toxumları, kənd təsərrüfatı təyinatlı müxtəlif pilotsuz uçuş aparatları, texnika və aqreqatlar, innovativ suvarma texnologiyaları, alternativ enerji mənbələri, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları, gübrə, pestisid nümunələrinin nümayişi keçirilib. Festival ərzində fermerlərə “Taxıl bitkilərinin aqrotexniki qulluq qaydaları, düzgün toxum seçilməsi” mövzusunda təlim keçirilib, sertifikatlı toxumun əldə edilməsi, təmizlənməsi mövzuları istiqamətində məlumatlar verilib. Qeyd edək ki, növbəti toxum sərgi-satış yarmarkaların keçiriləcəyi Aqrar İnnovasiya Festivalı avqustun 18-də Şamaxı rayonunda təşkil olunacaq.
Cümə, 11 Avqust 2023 15:01