Bəzi hallarda məhsul yığımından sonra təsərrüfat sahibləri tərəfindən əkin sahələri yandırılır. Əksər fermerlər düşünür ki, sahələrin yandırılması məhsuldarlığa aqrotexniki baxımdan müsbət təsir göstərir. Əslində isə bu, elmə əsaslanılmayan, həqiqətdən uzaq bir düşüncədir. Digər tərəfdən, əkin sahələrinin fermerler tərəfindən yandırılması anomal istilərlə müşayiət olunan yay aylarında yanğının genişlənməsinə, biçilməmiş sahələrə, meşə ərazisinə keçməsinə, vacib mühəndis kommunikasiya sistemlərinin sıradan çıxmasına səbəb olur. Elmi cəhətdən də sübut olunub ki, əkin sahələrinin yandırılması nəticə etibarilə kənd təsərrüfatına yararlı torpaq sahələrinin üst münbit qatının korlanmasına, əkin yerlərində torpaqların qida maddələri balansının pozulmasına gətirib çıxarır. “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanunununda da qeyd edilir ki, əkin yerinin yandırılması qadağandır. İnzibati Xətalar Məcəlləsinə əsasən isə əkin sahələrinin yandırılması inzibati məsuliyyət yaradır. Bir sözlə, unutmamalıyıq ki, torpağın çirklənməsi zamanı onu bərpa etmək üçün uzun illər lazım olur. Ona görə də kənd təsərrüfatı ilə məşğul olan şəxslər, fermerlər, sahibkarlar, bütövlükdə hər bir vətəndaş torpağın qorunması məsələsində xüsusilə həssas olmalı, bununla bağlı üzərinə düşən məsuliyyəti dərk etməlidir.