Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən təşkil olunan “Ulu Öndər: Dəyərlərimizin xilaskarı” adlı üçgünlük seminar öz işinə başlayıb. Tədbirdə Mənəvi Dəyərlərin Təbliği fondunun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmiləri, məruzəçilər, Balakən, Zaqatala, Qax, Şəki rayonlarından olan gənclər və ictimaiyyət nümayəndələri iştirak edib. Seminarın açılış mərasimində Fondun 5 illik fəaliyyətinə həsr edilmiş film nümayiş olunub. Rəsmi hissədə çıxış edənlər bildirib ki, müasir qloballaşan dünyada və üzləşdiyimiz təhdidlər səbəbindən milli mənəvi kimliyimizin dərki, təbliği, gənc nəsillərə ötürülməsi hər ötən gün daha da önəm qazanmaqdadır. Qeyd edək ki, seminar çərçivəsində ekspertlər tərəfindən müxətlif mövzularda mühazirə və diskussiyaların təşkili, fondun dəstəyi ilə hazırlanmış “Heydər Əliyev və azərbaycançılıq”, “Dəyərlərimizin dastanı” adlı filmlərin nümayişi, şəhər ərazindəki tarixi-mədəni abidələrin ziyarət edilməsi, “Dəyərlərimizi öyrənək” adlı intellektual yarış, eləcə də digər tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Üçgünlük seminar 27 iyul tarixlərinədək davam edəcək.