Çərşənbə axşamı, 18 İyul 2023 19:58

Təbii fəlakət Zaqatala və Balakəndə ciddi ziyan törədib

Ötən gün Balakən və Zaqatalada güclü qasırğa baş verib. Təbii fəlakət nəticəsində hər iki rayonun bir sıra kəndlərinə çox ciddi ziyan dəyib. Ağaclar aşıb, dam örtükləri uçub, elektrik xətləri qırılıb və sair ağır fəsadlar meydana gəlib. Güclü küləklə müşahidə olunan leysan bir anda qasırğaya çevrilib. Balakənin Kortala və Meşəşanbul kəndləri də təbii fəlakətin qurbanı olub. Kortala kəndində qasırğa bir çox sakinin evinin su basmasına, evlərinin və tövlələrinin damlarının uçmasına səbəb olub. Eyni zamanda yağan dolu kənd əhalisinin şəxsi təsərrüfatlarına, bostan və əkin sahələrinə ciddi ziyan vurub. Meyvə ağaclarının bir çoxunun məhsulu məhv olub. Kortala kənd tam orta məktəbi də təbii fəlakətdən öz nəsibini alıb. Güclü külək nəticəsində Kortala və Meşəşanbul kəndlərinin elektrik və rabitə sistemi də sıradan çıxıb. Hazırda sözügedən kəndlərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Balakən rayon Fövqaladə Hallar Komisiyasının üzvüləri və müvafiq qrum nümayəndələri əraziyə ezam olunub, dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılar. Təbii fəlakət Zaqatalanın Uzuntala kəndində də bir sıra fəsadlar törədib. Bir fərdi yaşayış evinin və yardımçı tikilinin dam örtüyünü qismən külək aparıb. Kəndin bəzi ərazilərində ağaclar aşıb, şəxsi təsarrüfatlara ziyan dəyib. Güclü külək səbəbindən Zaqatalanın Muxax, Yuxarı Çardaqlar, Çobankol, Qımır, Bazar və Göyəm kəndlərini də elektrik enerjisi ilə təmin edən xətlərdə qəzalar baş verib. İyulun 17-i axşam saat 22 radələrindən 18-i səhər saat 10 radələrinə kimi elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Bu kəndlərdə də təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır. Qısa zaman ərzində işlərin yekunlaşması gözlənilir.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S