Düşərgənin rəsmi açılış mərasimində diqqətə çatdırılıb ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi daim ehtiramla yad edilir. Eyni zamanda bu cür düşərgələr onların yadigarlarının həm yeni biliklər və bacarıqlar əldə etmələrinə, həm də asudə vaxtlarını səmərəli keçirmələrinə dəstək olacaq. Ümumilikdə 300-dən çox uşağı əhatə edəcək 7 düşərgənin həyata keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatr tamaşaları, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları keçiriləcək. Balaca fidanların ilk üz tutduqları məkan isə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası olub. Qəhrəmanlarımızın övladlarına göy cisimlərini izləmək üçün nəzərdə tutulan teleskoplar göstərilib. Xatırladaq ki, Şamaxıda baş tutacaq hər bir düşərgə 5 gecə 6 günü əhatə edəcək.Sentyabr ayının əvvəlinədək reallaşdırılacaq düşərgələrdə şəhidlərimizin 10-11, 12-14 , 15-17 yaş kateqoriyasında olan övladları iştirak edəcəklər. Düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və davamlı olaraq həkim nəzarəti, psixoloqlar tərəfindən müşayiət olunacaqlar. Sponsorlar və dəstəkçilər tərəfindən iştirakçılara müxtəlif hədiyyələr də təqdim ediləcək.