KİV nümayəndələrinə müəssisənin tarixi, istehsal prosesi, quraşdırılan yeni avadanlıqlar və tətbiq olunan texnologiya barədə məlumat verilib. Bildirilib ki, “Azərtütün” ASC-nin özəlləşdirilməsi üzrə elan edilən investisiya müsabiqəsinin qalibi üzərinə götürdüyü öhdəliklərin alqı-satqı müqaviləsində müəyyən edilmiş qaydada icrasını artıq başa çatdırıb. Belə ki, dövlət büdcəsinə 6,4 milyon manat məbləğində vəsaitin köçürülməsi, ümumi həcmi 8,2 milyon manat təşkil edən İnvestisiya Proqramının icrası təmin edilib. Müəssisədəki istehsal avadanlıqları əsaslı təmir olunub, yeni avadanlıqlar quraşdırılıb, tütün qəbulu məntəqələrində və emal zavodunda təmir-tikinti işləri aparılıb, nəqliyyat və texnika alınıb. Müəssisənin yenidən qurulması istehsal olunan tütün məhsullarının keyfiyyətinin artmasına və ixrac imkanlarının genişlənməsinə imkan verir. İndiyə qədər ölkə daxilində tütünə təlabat ödəniməklə yanaşı 500 tondan artıq məhsul Bolqarıstan və Rusiyaya satılıb. Bildirilib ki, hazırda şirkətin istehsal etdiyi tütünün İtaliya, Belçika və Almaniyaya da satılması istiqamətində danışıqlar aparılır. 2023-cü ildə zavodun xammala olan tələbini ödəmək üçün xaricdən tez yetişən və məhsuldar tütün sortları gətirilərək Şəki, Qax, Balakən, Zaqatala rayonlarında 620 hektar tütün əkilib. Yetişdirilən tütünə aqrotexniki xidmətin düzgün təşkili məhsuldarlığın yüksəldilməsinə imkan yaradır. Həyata keçirilmiş tədbirlər nəticəsində ötən il məhsuldarlıq 20 faiz artıb. Fermerlər də özəlləşdirilən müəssisənin fəaliyyətindən razılıq edirlər. Fermerlərdən 1 kiloqram yaşıl tütünün alış qiyməti də artıb. 2023-cü ildə bu göstərici I növ üzrə 36 qəpik, II növ üzrə 25 qəpik, III növ üzrə isə 20 qəpik olub. Müəssisədə 20 daimi, 150 mövsümi olmaqla, 170 yeni iş yeri yaradılıb. Ümumilikdə, hazırda müəssisədə 130 nəfər daimi işçi çalışır, mövsümi işlərə 250 nəfər cəlb edilib. Müəssisədə orta aylıq əməkhaqqı 700 manatdır.