“Heydər Əliyev İli”nə həsr olunan “Gənc xilasedici” Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinə yekun vurulub. Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan yarışın qalibləri mükafatlandırılıb. Qəbələ şəhərində təşkil olunan “Gənc xilasedici” Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin qaliblərinin mükafatlandırma mərasimi olub. Əvvəlcə, FH naziri Kəmaləddin Heydərovun rəhbərliyi və komanda kapitanlarının iştirakı ilə Qəbələ Konqres Mərkəzində “dəyirmi masa” keçirilib. İnteraktiv formatda keçirilən “dəyirmi masa”da nazir komanda kapitanlarının suallarını ətraflı cavablandırıb. Dövlət himninin səsləndirilməsi ilə başlanan rəsmi hissədə, əvvəlcə yarışlar haqqında FHN-in hazırladığı videoçarx nümayiş olunub. Sonra məktəblilərin ifasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən, həmçinin milli vətənpərvərlik və ölkələr arasında dosluğu tərənnüm edən bədii hissə nümayiş olunub, qaliblərə kubok, diplom, fəxri fərman və qiymətli hədiyyələr, digər iştirakçılara isə fəxri fərman və xatirə hədiyyələri təqdim edilib. Tədbirdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, dövlətçilik fəlsəfəsindən ətraflı bəhs edib. Nazir artıq ənənə halını almış “Gənc xilasedici” Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin əhəmiyyətinə toxunub, bu kimi yarışların yeniyetmə və gənclərdə müxtəlif eksterimal vəziyyətlərdə davranış vərdişlərinin formalaşması, onların fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində lazımi təcrübə və biliklərə yiyələnməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Eyni zamanda, bu tədbirlər müxtəlif ölkələrin gənc xilasediciləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin qurulması və möhkəmlənməsinə şərait yaradır. Qeyd edək ki, builki yarışlarda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Pakistandan olan komandalar da iştirak edib.Komandalar yarışlarda “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Divar qəzeti” mərhələlərində güclərini sınayıblar. Beynəlxalq yarışda birinci yeri Azərbaycan, ikinci yeri Qırğızıstan, üçüncü yeri isə Qazaxıstan komandası tutub. Ümumrespublika birinciliyində isə birinci yerə Ordubad rayonunun Sabirkənd tam orta məktəbinin komandası, ikinci yerə Bakı şəhəri 31 nömrəli tam orta məktəbin komandası, üçüncü yerə isə Şəhid övladlarından ibarət “Gənc Mübarizlər” komandası layiq görülüb.