Ötən gün gecə saatlarında başlayan külək və leysan İsmayıllı rayonunda ciddi fəsadlar törədib. Sel nəticəsində dağlardan qopan qaya parçaları və lil İsmayıllı-Lahıc avtomobil yolunu tamam bağlayıb. Gəndov, Namazgah kəndləri və Lahıc qəsəbəsində şəxsi təsərrüfatlara, yollara, ziyan dəyib, qaz, su və elektrik xətlərində sıradan çıxıb. Rayonun bir çox ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Gecədən səhər saatlarınadək aparılan tədbirlər nəticəsində İsmayıllı-Lahıc-Burovdal avtomobil yolunun 17-ci km-də yolun hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənərək avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti bərpa olunub. Qəbələyə yağan güclü leysan rayonun bir neçə kəndinə ciddi ziyan vurub. Təbii fəlakət nəticəsində Laza kəndinə gedən yolu sel suları yuyub. Yol yararsız hala düşüb, Laza kəndinin rayonla əlaqəsi tamamilə kəsilib. Hazırda alternativ yoldan istifadə edilir.Sel sularının azalması ilə mövcud yolun bərpası istiqamətində işlərə başlanılıb. Təbii fəlakət nəticəsində Şəki şəhəri Sabit Rəhman küçəsində yerləşən 40 mənzildən ibarət binanın dam örtüyü qoparaq küçədə dayanan avtomobillərin üzərinə uçub. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib. Eyni zamanda yağış suları mənzillərə də ziyan vurub. Səhər saatlarından etibarən əraziyə cəlb edilmiş işçi qüvvəsi, texnika və tikinti materialları vasitəsi ilə uçmuş damın bərpası istiqamətində işlər aparılıb. Normadan artıq yağışlar nəticəsində Şəki ərazisindən axan bir çox çaylarda daşqınlar baş verib. Ümumilikdə rayonun 10 yaşayış məntəqəsində 21.4 km uzunluğunda kənddaxili avtomobil yolları yararsız vəziyyətə düşüb. Baş Zəyziddə 3 körpünü, Baş Göynük kəndini Baş Şabalıd kəndi ilə birləşdirən körpünü su yuyub aparıb. Cumakənddə 40 hektar taxıl və tütün sahəsi su altında qalıb. Əyriçay su anbarının daşması nəticəsində Babaratma kəndini su basıb. Sakinlərin sözlərinə görə, daşqın nəticəsində kənddə 10 dan çox ev zərər görüb. Kəndin bir hissəsinin ətraf aləmlə əlaqəsi kəsilib. Qaxda leysan yağışları nəticəsində ictimai iaşə müəssisələrinin və fərdi yaşayış evlərinin həyətlərini su basıb. Təbiət hadisəsi nəticəsində yol kənarında olan ağaclar aşıb, yağış suları həyətyanı sahələrə dolub. Bundan başqa, Qapıçayda suyun səviyyəsi artdığından daşqın olub. Nəticədə Marsan və Şotavar kəndlərində yerləşən üç restoranın ərazisini su basıb. Qax sakini yük avtomobili ilə Əmircan çayını keçərkən qəflətən sel gəlməsi nəticəsində çayda batıb. Sürücü təhlükəli vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə təhlükəli vəziyyətdə qalan 37 yaşlı Yahyayev Famil İslam oğlunu xilas ediblər. Güclü külək səbəbindən Balakən və Zaqatala rayonları ərazisində bir-neçə ağaclar, elektrik və rabitə dirəkləri aşıb. Leysan yağışları səbəbindən çaylarda suyun səviyyəsi qalxıb. Qax rayonu Kürmük çayında sel sularının keçməsi səbəbindən ərazidən keçən yeraltı optik rabitə xətti zədələnib. Bu səbəbdən ötən gün axşam saatlarından Qax, Zaqatala və Balakən rayonlarına internetin verilişi dayandırılıb. Müvafiq qurumlar yaranan problemi bir müddət sonra aradan qaldırıb. Leysan yağışları səbəbindən Zaqatala rayonu Muxax və Zəyəm kəndlərində kənd daxili yollarda qısa müddətli sel keçib, təsərrüfatlara ziyan dəyib. Muxax və Zəyəm kəndlərini birləşdirən çay üzərindəki körpü qismən qəzalı vəziyyətə düşüb. Gecə saatlarından aidiyyəti qrumlar ərazilərə ezam edilib, fəsadların aradan qaldırılması istiqamətində iş aparılır. Milli Hidrometeorologiya Xidmətinin praqnozları isə ürəkaçan deyil. Rayonlarda qeyri-sabit hava şəraitinin sabah da davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur.