Ötən il Şahdağ Milli Parkının İsmayıllı bölməsinə buraxılan nəcib marallar artıq bala verməyə başlayıb. Reintroduksiya layihəsi maralların əvvəlcə Şahdağ Milli Parkında adaptasiya dövrü keçməsini, sonra onların tarixən məskunlaşdığı bölgənin müxtəlif yerlərində təbiətə buraxılmasını nəzərdə tutur. Hazırda Azərbaycanın təbiətində 800 başadək maral yaşayır. Bu sayın artırılması məqsədi ilə ötən ilin noyabrında Şahdağ Milli Parkının İsmayıllı bölməsinə yeni nəcib maral növləri gətirilib. Artıq maralların sayında artım qeydə alınıb. Bir neçə gün əvvəl dünyaya gələn bala maralın çəkisi 5 kiloqramdan çoxdur. Baytarın və milli parkın əməkdaşlarının nəzarətində olan ana və bala yırtıcılardan mühafizə məqsədilə qapalı şəraitdə saxlanılır. Onların qidalanmasına da xüsusi diqqət yetirilir. Artım planlaşdırıldığı kimi gedərsə, bu marallar İsmayıllı bölməsi də daxil olmaqla, parkın digər bölmələrinə buraxılacaq. Hazırda ananın qorxmaması və balanın yemlənməsində problem olmasın deyə hazırda Şahdağ Milli Parkında bu istiqamətdə turist səfərlərinə icazə verilmir. Müəyyən müddət keçdikdən sonra qonaqlar parkın İsmayıllı bölməsinə gələrək, bala maralı müşahidə edə bilərlər. Qeyd edək ki ötən il Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Şahdağ Milli Parkının İsmayıllı bölməsinə 3-ü dişi, 1-i erkək olmaqla, 4 nəcib maral buraxılıb. Hündür ayaqlara, qısa quyruğa, yaraşıqlı görkəmə malik, qulaqları uzun və hərəkətli olan bu heyvanlara əbəs yerə dağlar və meşələr gözəli adı verilməyib. Təbiətcə çox da sakit olmayan maralın görkəmindəki zəriflik, cəlbedicilik, duruşundakı vüqar, əzəmət və incəlik onu gözəllik rəmzi kimi tanıdır. Xatırladaq ki, Şahdağ Milli Parkının ərazisində Avropa cüyürü, canavar, Hindistan tirəndazı, qonur ayı, Qafqaz köpgəri, çaqqal, tülkü, dovşan, zubr, nəcib maral və digər heyvanlar mövcuddur. İlin bütün fəsillərində bura turist kimi gəlməklə bir çox heyvanı yaxından görmək mümkündür.