Bəzən başqa bir insana və ya obyektə toxunduqda yüngül elektrik şoku yaşamış kimi oluruq. Bəziləri elektrik cərəyanı vurduğunu düşünür. Şəhər sakinləri arasında da bu hissi yaşayanların sayı kifayət qədərdir. Tibb üzrə fəlsəfə doktoru Etibar Kərimov deyir ki, bu əslində normal elektrikləşmə prosesidir. Fiziki qaydalara uyğun olaraq, bir-birinə bənzəməyən cisimlərin səthlərində yüklər yenidən paylanır. Bu zaman cisimlərdə əks işarəli yüklü hissəciklər toplanır. Elektrikləşdirilmiş cisimlər yığılmış yüklü hissəciklərin bir hissəsini digər obyektlərə və ya onlarla təmasda olan ətraf mühitə ötürə bilir. Statik enerji insan bədəninə keçir sonra da belə adamlar əlini nəyəsə vuranda sanki tok keçir. Həkim qeyd edir ki, şəkərli diabet, arterial hipertesia, ürək çatışmazlığı olan xəstələr statik enerjisi çox olan insanlarla görüşdükdə bu onlara pis təsir edir. Həmçinin statik elektrikin bədəndə çox olması əsəbiliyə, yorğunluğa, halsızlığa, iştahsızlığa, əzələ ağrılarına hətta psixoloji pozuntuya kimi gətirib çıxara bilər. Həkim onu da vurğulayır ki, yatarkən mobil telefonu yastığın yanına və ya altına qoyub yatmaqdan uzaq durmaq lazımdır. Çünki mobil telefon insanın sinir sisteminə, o cümlədən yuxu rejiminin pozulmasına təsir edir.