Şamaxıda “İşğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi” mövzusunda elmi-praktik konfrans keçirilib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində Qarabağ iqtisadi rayonunda Prezidentin səlahiyyətli nümayəndəsinin ofisi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatşılığı ilə keçirilən konfransda ölkəmizin dövlət qurumlarının, aparıcı elm-təhsil müəssisələrinin mütəxəssisləri iştirak ediblər. İlk sessiyada “Qarabağ iqtisadi rayonuna daxil olan ərazilərdə görülən işlər və investisiya imkanları”, “İşğaldan azad edilmiş ərazilərdə məskunlaşacaq məcburi köçkünlərin məşğulluq məsələləri”, “Həmin ərazilərdə yaradılmış əlverişli biznes və investisiya mühiti”, “ Kiçik və Orta Biznesə dövlət dəstəyi imkanları” mövzularında məruzələr edilib. Konfransın ikinci sessiyasında isə “Qarabağ və Şərqi Zəngəzurda əsas kapitala investisiyalar: yeni regional statistik mənzərənin astanasında” “İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq subyektlərinə maliyyə dəstəyi”, “Həmin ərazilərdə sənayenin inkişaf imkanları”, “Post-konflikt ərazilərin bərpası”, “İnvestisiyalar haqqında müasir elmi konsepsiyalar və post-konflikt ərazilərin bərpası problemi” mövzusunda məruzələr dinlənilib. Sonda məruzələr ətrafında geniş müzakirələr aparılıb, çıxışlar olub, təkliflər səsləndirilib.