Bazar ertəsi, 10 Aprel 2023 19:39

Bələdiyyənin saldığı yol niyə zəbt edilib?

İsmayıllının Qarabağ qəsəbəsi adlanan  yeni yaşayış massivində 50-yə yaxın şəhid və qazi ailəsi üçün mənzillər tikilərək təhvil verilib. Və artıq 3 ilə yaxındır ki, massivdə yaşayış mövcuddur. Qəsəbə təhvil verilərkən sakinlərin rahat və qısa məsafədən gedib-gələ biləcəkləri yol olmayıb. Sonradan şəhər bələdiyyəsinə edilən kütləvi müraciət əsasında sakinlərin bu tələbi qanunvericiliyə uyğun şəkildə təmin edilib, onlar üçün bələdiyyə balansında olan torpaqdan yol ayrılıb. Yol məsələsi həllini tapdıqdan sonra qəsəbənin mənzil istismar idarəsinin rəhbəri başlayıb “Qarabağ”ın yollarına göz dikməyə. Bununla da kifayətlənməyərək həmin yolu müxtəlif əsassız səbəblərlə zəbt edib, sakinlərin gediş-gəlişini isə tamamilə məhdudlaşdırıb. Sakinlər məcburiyyət qarşısında köhnə yoldan istifadə edirlər. Əgər buna da yol demək olarsa.. Kələ-kötür palçıqlı yol sürücü  və piyadaların hərəkətini çətinləşdirir. Bu yolun fəaliyyəti həm də ona görə əhəmiyyətlidir ki, iritutumlu avtomobillər, xüsusən, yanğınsöndürənlər, təcili yardım maşınları buradan çox rahatlıqla və qısa zaman içərisində hadisə yerinə çata bilir. İkinci bir nüans isə şagirdlərin məktəbə gediş-gəlişidir. Yol bağlı olduğundan məktəblilərin dərsə getmələri də çətinləşib. Sakinlər iddia edir ki, mənzil istismar idarəsinin rəhbərinin əlində, əslində, heç bir rəsmi əsası yoxdur.  Yoldan piyada və avtomobillərin gediş-gəlişinin - hər dəfə bir qurum tərəfindən qadağan edildiyini bəhanə gətirir. Məsələ ilə bağlı  məmurun münasibətini biz də öyrənməyə çalışsaq da həmin şəxs əvvəlcə əməkdaşımızı təhqir edib, ardınca isə kameranın yandığını görüb  təriflər yağdırmağa başlayıb.   Şəhər bələdiyyəsindən də sakinlərin bu məsələdə tam haqlı olduğu bildirilib. Şəhər bələdiyyəsinin rəsmisi onu da bildirildi ki, rəsmi olaraq aidiyyatı qurumlara məlumat verilib və məsələnin tezliklə həllini tapacağı gözlənilir. Hər halda mövzu diqqətimizdə olacaq!

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S