Ötən gün axşam saatlarından başlayaraq bu gün səhər saatlarına qədər ölkənin şimal-qərb bölgəsinə aid Şəki və Oğuz rayonlarında fasilələrlə güclü küləkli hava şəraiti hökm sürüb. Güclü külək daha çox Oğuz rayon ərazisində özünü göstərib. Külək səbəbindən rayonun Calut 1 yaşayış massivində irigövdəli ağac aşıb. Nəticədə ərazidən keçən elektrik naqilləri qırılıb.
Bu səbəbdən rayonun Calut-1, Calut-2, Bucaq, Muxas, Baş Daşağıl kəndləri və Malıx yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Güclü külək Oğuz şəhər inzibati ərazisində yerləşən fermaya məxsus alaçığın dam örtüyünü də qoparıb ərazidən keçən elektrik dirəklərinə çırpıb. Bu səbəbdən 4 elektrik dirəyi yıxılıb, naqillər qırılıb. Oğuz şəhərinin bir hissəsinə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Axşam saatlarından Oğuz rayon Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşları əraziyə ezam edilib, baş vermiş qəzaların aradan qaldırılması istiqamətində işlər aparır.
Çərşənbə axşamı, 07 Mart 2023 17:54