Qobustan Heyvandarlıq Nümayiş Kompleksinə xaricdən yeni cins damazlıq heyvanlar gətirilib. “Aberdin-Anqus” cinsli inəklər kompleksin iribuynuzlu heyvanların saxlama fermasında standartlara uyğun şəraitdə saxlanılır, qidalandırılır və baytar nəzarəti edilir. Karantin müddəti bitdiyinə görə artıq inəklərin satışına başlanılıb. Bura iki il əvvəl istifadəyə verilən Qobustan Heyvandarlıq Nümayiş Kompleksidir. Buradakı heyvanların 60% dövlət güzəşti ilə satışı təşkil edilir. Xarici cins damazlıq heyvanların satışının təşkil edilməsində əsas məqsəd fermerlərin cins heyvanlara əlçatanlığına, ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaqdı. Avropada geniş yayılmış və vətəni Şotlandiya olan cinslərdən olan ətlik istiqamətli Aberdin-Anqus inəkləri ekoloji şəraitə tez uyğunlaşan cins damazlıq heyvanlardır. Bu heyvanlar yerli cinslərin damazlıq xüsusiyyətlərinin təkmilləşdirilməsində istifadə olunur. Aberdin-Anqus inəklərinin məhsuldarlıq göstəriciləri olduqca yüksəkdir. Bu inəklərinin ətində yağ faizi digər inəklərə nisbətən 6 dəfə aşağıdır. Heyvanların çəkisi 1100 kiloqrama qədər çatır. İntensiv yemləmə zamanı çəki sutkada 800-850 qram artır. Satışa çıxarılan heyvanların yaşı 18-26 ay olmaqla, 3-8 aylıq boğaz düyələrdir. Burada fermerlər heyvanlara baxış keçirərək, sərgi satış mərkəzində istədikləri heyvanları əldə edə, həmçinin onlarla bağlı ətraflı məlumat əldə edə bilərlər. Bundan əlavə, 2022-ci il ərzində Kompleks vasitəsilə Təchizatçı şirkətlər tərəfindən ölkəyə gətirilmiş və yerli damazlıq təsərrüfatları tərəfindən yetişdirilmiş ümumilikdə 1261 baş iribuynuzlu cins-damazlıq heyvanların satışı həyata keçirilib ki, bunun da 219 başı yerli damazlıq təsərrüfatların payına düşür. Hansı ki, bu da öz növbəsində yerli damazlıq təsərrüfatlarının inkişafına öz tövhə və dəstəyini verib.