Şəkinin tarixi qoruq ərazisində yerləşən Gəncəli məhəlləsinin su problemi də tarixi qədər qədimdir. Məhəllənin çox hissəsində su-kanalizasiya sistemi yenidən qurulsa da nədənsə Şəfiqə Axundova küçəsi bu proseslərdən kənarda qalıb. Nəticədə sakinlərin özlərini içməli su ilə təmin edə bilmələri üçün iki seçimləri var: ya 30 manat verib bir maşın su gətizdirməli, ya da ətraf küçələrdən daşımalıdırlar. Başqa çarəsi olmayan sakinlər qatlaşdıqları bu iztirabın sonunda yekunlaşması istəyi ilə döymədikləri qapının qalmadığını deyirlər.
35 ildir ki, Gəncəli məhəlləsində yaşayan Nüşabə Hüseynova deyir ki, su olmadığından hamı kimi o da aşağı küçədən su daşımaq məcburiyyətindədir. Məsafənin uzaq olmasına baxmayaraq o, əlində su qabı ilə gündə ən azı 3,4 dəfə su daşıyır. Uzun illər davam edən susuzluq problemi sakinləri çıxılmaz vəziyyətə salıb. İndiyədək bu əraziyə dağdan gələn Taclıq bulağından gələn suyun da qurumağa başlaması problemi bir az da kəskinləşdirib. Şəki Sukanal idarəsinin rəsmisi isə sakinlərin iddiası ilə razılaşmır.
Sukanal idarəsinin təqdim etdiyi ilə sakinlərin də, bizim də çəkiliş zamanı gördüyümüz reallıq arasında kəskin şəkildə fərq var. Qurum rəsmisindən fərqli olara bizim gördüyümüz boş su qabları, əlində vedrə su daşıyan sakinlər idi. Beləliklə verilən vədlərə inansaq yaxın bir ildə məsələ həllini tapacaq. Nə deyək, biz də ümid edək ki, bu vəd də əvvəlki vədlər kimi unudulmaz və yaxın bir il ərzində sukanal idarəsinin dedikləri reallığa çevrilər, gəncəli məhəlləsinin sakinlərinin su həsrəti sonunda bitər.
Cümə axşamı, 02 Mart 2023 16:29