Öndər Heydər Əliyev xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Ömrünün böyük hissəsini xalqına, Vətəninə həsr edən dahi şəxsiyyət bugünkü müstəqil, demokratik və suveren Azərbaycan dövlətinin şanlı tarix səhifəsini yazıb. Bu fikirlər Pedoqoji Universitetin Şəki filialında keçirilən tədbirdə səsləndirilib. “Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin təbliği və öyrənilməsi” məqsədilə keçirilən tədbirdə universitetin müəllim və tələbə kollektivi, eləcə də Şəki Regional Elmi mərkəzinin rəsmiləri iştirak edib.
Ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, müstəqil Azərbaycan dövlətinin inkişafı naminə həyata keçirdiyi müstəsna xidmətlərdən danışılıb. Vurğulanıb ki, bu gün qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Sonda ulu öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Qeyd edək ki, tədbir, Pedaqoji Universitetin və Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə keçirilib.