Bazar ertəsi, 27 Fevral 2023 21:40

Xocalı faciəsinin qurbanları anılıb…

Şamaxıda Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsi anılıb. Rayon İcra Hakimiyyətinin , hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri soyqırım abidəsini ziyarət edib, abidə önünə tər çiçəklər düzərək faciə qurbanlarının əziz xatirəsinə ehtiramlarını bildiriblər. Ardınca keçirilən tədbirdə  Xocalı qətliamının dünyada tanıdılması istiqamətində görülən işlərdən söhbət açılıb.  “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2009-cu ildə irəli sürülmüş Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işlərinin uğurla davam etdirildiyi vurğulanıb. Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatında keçirilən tədbirdə isə Xocalı qətliamının yalnız Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilən tarixi cinayət olduğu vurğulanıb.  

Zaqatala rayonunda da rəsmi şəxslər, Xocalı sakinləri və ictimaiyyət nümayəndələri soyqırımı qurbanlarının xatirəsinə  ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri düzüblər. Tədbirdə ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, xalqımızın tarixinə qanla yazılan Xocalı faciəsinin dəhşətli nəticələri, soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.  Zaqatalada məskunlaşmış Xocalıdan olan ailələrə rayon icra hakimiyyəti tərəfindən ərzaq yardımı göstərilib.

Şəkidə məskunlaşan Xocalı 1 saylı orta məktəbin şagirdlərinin o dəhşətli günlə bağlı təsəvvürlərini özündə əks etdirən əl işlərinin, rəsm əsərlərinin Şəki Dövlət rəsm qalereyasında nümayiş olunduğu sərgi keçirilib. Tədbirdə vurğulanıb rəşadətli ordumuz erməni faşistlərindən günahsız Xocalı qurbanlarının intiqamını 44 günlük müharibədə alsa da hələ də dünya ictimaiyyəti tərəfindən bu qanlı cinayətə hüquqi qiymət verilməyib. Rəsmi hissədən sonra ədəbi bədii kompozisiya təqdim edilib. 

Lənkəran Dövlət Dram Teatrında isə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş  edilib. Kompozisiyada Xocalı soyqırımının Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğu göstərilib, eyni zamanda yetişməkdə olan nəslin vətənpərvər ruhda tərbiyə olunması, vətənə, torpağa məhəbbət hissi aşılanıb. Erməni fitnəkarlığından bəhs edən səhnə əsəri dünyanı dolaşan müharibə kabusuna, zorakılığa qarşı yönəlmiş, insanları ən çətin anlarda belə ləyaqətli, mətin və mübariz olmağa səsləyir.

 

“EMEDIA GROUP” Media təşkilatı və "BAKI GƏNCLƏR MƏRKƏZİ" nin birgə təşkilatçılığı Xocalı soyqırımının 31-ci il dönümünə həsr olunmuş "XOCALI TARİXİN QAN YADDAŞI" adlı tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd Xocalı Soyqırımını Azərbaycan gənclərinə aşılamaq və onlarda dahada Vətənpərvər gücü artırmaqdır. Tədbirdə bildirilib ki, Xocalı soyqırımının 31-ci ildönümünün qeyd olunması bir daha sübut edir ki, həmin qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik və cinayətin dəhşətləri yaddaşlardan heç zaman silinməyəcəkdir. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayətdir. Gecəyə qatılan iştirakçılar Xocalı Soyqırımı haqqında xatirələrini danışıblar və hər biri qeyd edib ki, erməni terrorunun nəticəsində vəhşicəsinə qətlə yetirilən soydaşlarımızın qanı yerdə qalmayacaq. Sonda Heykəltaraş və Rəssamlar "XOCALI TARİXİN QAN YADDAŞI" adlı sərgidəki iştiraklarına görə sertifikatlarla təltif edilib.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S