Ötən gündən başlayaraq Şamaxı sakinləri də Türkiyədə zəlzələdən zərərçəkmişlərə yardım kampaniyasına qoşulublar. Yardım aksiyasında yerli sakinlər, iş adamları, müəssisələr, idarələr könüllü olaraq iştirak edirlər. Böyükdən-kiçiyə hər kəs qardaş Türkiyədə zəlzələdən zərərçəkmişlərə yardım etmək üçün səhər saatlarından Şamaxı Olimpiya Mərkəzində təşkil edilən yardım toplanma məntəqəsinə gəlir, türk qardaşlarımıza dəstək olur. Rayon sakinləri isti geyimləri, əlcəkləri, corabları, yataq dəstlərini, quru ərzaqları, təmizləyici vasitələri təyin olunmuş məntəqədə çeşidləyirlər. Yardımlar toplanıldıqdan sonra yük avtomobillərinə yığılır. Son iki gündə 4 yük maşını Bakıya göndərilib. Günün sonuna kimi daha 4 yük maşını da göndəriləcək.