Bakı-Şamaxı-Yevlax və Muğanlı-İsmayıllı magistrallarında artıq iki gündür nəqliyyatın hərəkəti çətinləşib, bəzi ərazilərdə avtomobillərin hərəkəti tamamilə dayanıb. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən səhər saatlarında yük avtomobilləri və qış fəsli üçün nəzərdə tutulan şinləri olmayan nəqliyyat vasitələri alternativ yollara istiqamətləndirilib.
Ağsu dolaylarında da qar avtomobillərin hərəkətində çətinliklər yaradıb. Qarın qalınlığı 15 santimetrə qədər yüksəlib. 4 nömrəli Magistral Yolların İstismarı MMC-nin əməkdaşları qarı ərazidən təmizləmək üçün çalışsalar da gecə saatlarına doğru buzlaşmanın olacağı istisna edilmir.
Muğanlı-İsmayıllı yolundan fərqli olaraq Şamaxı-Qobustan yolunda gecə saatlarından 19 saylı yol istismar sahəsinin əməkdaşları yollarda olublar. Qum duz qarışığı tökülüb və yolda qalan avtomobillərə köməklik göstərilib. Şamaxının daxili yollarında da avtomobillərin hərəkəti məhdudlaşıb, qəza şəraiti yaranıb.
Günorta saatlarına doğru isə KTİB tərəfindən yollara qum, duz, kəpək tökülüb. Qaxda da yağan qar yollarda hərəkəti məhdudlaşdırıb. Ancaq bu rayona üz tutan turistləri sevindirib. Qarlı və şaxtalı havanın davam etməsi və xüsusən gecə saatlarında yolların buz bağlaması səbəbindən sürücülərə mümkün qədər yola çıxmamaları tövsiyyə olunur.