Şəkidə 14 saylı tam orta məktəbdə şəhid Rəşad Əhmədovun xatirəsi anılıb. Tədbirdə şəhid ailələri, qazilər, pedaqoji heyyət və məktəblilər iştirak ediblər. Məktəblilərin ifasında şəhidin həyat yolunu əks etdirən səhnəciklər təqdim olunub. Rəşad Əhmədov 2002-ci il iyun ayının 17-də Şəki şəhərində anadan olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissənin tərkibində döyüşlərə qatılıb. Suqovuşan, Ağdərə uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşub. 2020-ci il, oktyabrın 1-də Goranboy rayonu Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində düşmən tərəfindən atılan silah mərmisinin partlayışı nəticəsində şəhid olub. Rəşad Əhmədovun nəşi ölümündən 90 gün sonra, dekabr ayının 30-da Şəkinin Şəhidlər Xiyabanında dəfn olunub. Prezidentin sərəncamı ilə Rəşad Əhmədov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və ”Cəsur döyüşçü” medallarıyla təltif edilib.