“Kanal S” – bu söz özündə o qədər doğmalıq, mehribanlıq, bir çox isti duyğular və hislər intibah edir ki, bunları sözlərlə ifadə etmək çox çətindir. Bəli bu gün “Kanal S”-in 14 yaşı bitir. 14 il boyu tamaşaçılarımızın bizə sadiq qaldığı kimi, biz də olara sadiq qalaraq dayanmadan, yorulmadan uzun yol qət etdik...
Keçən illər “Kanal S”in daha da püxtələşməsinə və peşəkarlıq səviyyəsinin artmasına səbəb olub. 2008-ci ilin soyuq dekabrında ilk dəfə dünyaya gözünü açan “Kanal S” qısa zamanda öz ayaqları üstə durmağı bacarmışdı. Ancaq bu sadəcə başlanğıc idi. Çünki irəlidə hələ fəth ediləsi necə zirvələr yeni yeriməyə başlayan televiziyanı gözləyirdi.
Bu gün isə rahatlıqla “Kanal S”in artıq bir çox zirvəni geridə qoyduğunu deyə bilərik. 2022-ci ilin yanvarından isə “Kanal S” daha bir zirvəni fəth etdi. Peykə çıxan Azərbaycanın ilk bölgə kanalı olmağı bacardı. Bəli, artıq bizi dünyanın istənilən nöqtəsində izləyə bilirsiniz. Bu gün biz sizə bütün bu uğurların arxasında durmadan çalışan, əzm göstərən, əksər vaxt kölgədə qalan və tamaşaçıların tanımadığı “Kanal S”-in gizli gücündən, onu hərəkətə gətirən və irəliyə aparanlardan danışmaq istəyirik.