Şamaxı Yeni ili qarşılamağa hazırdır... Şəhər Yeni ilin simvoluna çevrilmiş müxtəlif aksessuarlarla bəzədilib. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar Şamaxı rayonunda icra hakimiyyəti tərəfindən rayonun parkı, meydan və küçələrinin bəzədilməsi, burada yeni il atributlarının, işıqlı çilçıraqların və digər bəzəklərin quraşdırılması, eləcə də təmizlik işləri həyata keçirilib. 28 metr hündürlüyündə olan şam ağacı rayonun girişində qurulub. Görülən işlər yerli əhali ilə yanaşı, rayona gələn qonaqların da marağına səbəb olub. Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayon ərazisində keçən hissəsində quraşdırılan Yeni il atributları, işıqlı çilçıraqlar yoldan keçənləri belə ayaq saxlamağa vadar edir. Magistraldan yolu keçən hər 3 avtomobildən ikisi bu ərazidə dayanır, mənzərəni seyr edir. Yeni salınmış dairəvi yol ətrafında və Heydər Əliyev Parkında da müasir işıqlandırma sistemləri tətbiq olunmaqla Yeni il atributları və müxtəlif dizaynda bəzədilmiş əyləncəli qurğular quraşdırılıb. Və hündürlüyü 15 metr olan şam ağacı qurulub.