Zaqatala Dövlət Təbiət Qoruğunun 39338 hektarını meşələr,4989 hektarını subalp və alp çəmənlikləri,1903 hektarını daşlı və qayalı sahələr, 591 hektarını təbii seyrəkliklər, 354 hektarını meşə içi açıqlıqlar, 103 hektarını meşə və mühafizə koridorları, 71 hektarını isə sular və yollar təşkil edir. Ərazinin mürəkkəb səth quruluşu,iqlim şəraiti və torpaq örtüyünün müxtəlifliyi burada flora və faunanın zənginliyinə səbəb olub. Gününü əsasən dağda,dərədə keçirən Qoruq mühafizəçilərinin işi hər nə qədər çətin və məsuliyyətli olsa da, canlı təbiətə olan sevgiləri onlara bu çətinliyi unutdurur. Qoruq ərazisində canlı faunanın izlənilməsi, mühafizə işlərinin səmərəliliyini artırmaq məqsədi ilə müşahidə kameralarından da istifadə edilir. Qoruğun ərazisi əksər yerlərdə yaşayış məskənlərinə yaxın olduğundan bu da mühafizə işini bir qədər çətinləşdirir. Qoruqda Azərbaycan üçün nadir hesab edilən bitki, heyvan,quş və balıq növlərinə rast gəlmək mümkündür. Qoruqların yaradılmasında əsas məqsəd də elə nadir təbiət incilərinin qorunmasır. Bu baxımdan aidiyyati qurumlarla yanaşı, sıravi vətəndaşlar da bu işdə əllərindən gələni əsirgəməməlidirlər. Çünki, bu təbiət bizimdir, aldığımız hava, içdiyimiz su üçün meşələrə və onların təbii flora və faunasına borcluyuq.
Şənbə, 17 Dekabr 2022 17:37