Payız fəslindən başlayara havaların soyuq, şaxtalı keçməsi qışın da sərt olacağından xəbər verir. Bu isə sürücülərin avtomobilini qış rejminə hazırlamasını qaçılmaz edir. Qarlı və yağışlı hava şəraitində, yollarda avtomobil idarə etmək çətin olduğu qədər də təhlükəlidir. Sürücülər də yolda qalmamaq və çətinliklərlə üzləşməmək üçün avtomobilləri qışa hazırlamağa başlayıblar. Amma hazırlıqsız olanlar da var. Ustaların sözlərinə görə, qışda avtomobillər nəqliyyat üçün saz vəziyyətə gətirilməlidir. Təkər seçiminə gəldikdə isə, sürücülər əsasən rezin təkərlərə üstünlük verməlidirlər. Ustalar xüsusi vurğulayır ki, qış aylarında təkcə təkər yeniləməklə və havasını tənzimləməklə iş bitmir. Diqqət edilməli olan başqa məqamlar da var. Avtomobillərini qışa hazırlamayan sürücüləri isə cərimə gözləyir. Qışda nasaz avtomobildə yaranan problem təkcə maddi ziyan vurmur, qəzalarla nəticələnir və hətta bədbəxt hadisələrə gətirib çıxarır. Odur ki, bütün sürücülər hər şeydən öncə özləri və sərnişinlərinin can güvənliyi üçün bundan yayınmamalıdırlar.