Qonşusunun evindən oğurluq edən şəxs ifşa olunub. Hadisə Balakən rayonunun Tülü kəndində baş verib. Axşam saatlarında evə daxil olan naməlum şəxs oradan ümumilikdə 23 min 400 manat pul və 2600 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb. Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu, əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunan Pərviz Umudov saxlanılıb. Saxlanılan şəxs ifadəsində qonşusunun yaxın qohumlarının toy mərasimində iştirak etdiyini fürsət bilərək həmin evə daxil olduğunu bildirib. Umudov niyyətini həyata keçirdikdən sonra qızılları əvvəllər özünün təhsil aldığı məktəbin həyətində gizlədib, pulu isə götürərək Bakıya gəlib. Paytaxtda oğurladığı pulların bir hissəsini əyləncə mərkəzlərində, qalanını isə brend geyim mağazalarında xərcləyərək özünə bahalı geyimlər alıb. Davam etdirilən tədbirlərlə onun gizlətdiyi qızıl-zinət əşyaları da maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.