Balakəndə qeyri-adi oğurluq hadisəsi olub. Şəhər ərazisində yerləşən mağazaların birindən dəyəri 800 manatdan artıq olan spirtli içkilər oğurlanıb. Mağazada olan ödəmə terminalına zərər yetirilib və obyektin yandırılmasına cəhd edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də bir neçə dəfə məhkum olunan Tehran Həsənov tutulub. Araşdırma zamanı Həsənovun obyekt sahibinə məxsus ümumvətəndaşlıq pasportunu, eləcə də bəzi əşyaları yandırdığı məlum olub. İstintaq zamanı keçmiş məhkumun daha bir cinayət əməlinin də üstü açılıb. Onun rayon sakini Yaqub Məmmədovla birlikdə şəhər ərazisində yerləşən köşkdən də lotereya, tütün məmulatları və pul oğurladıqları müəyyən edilib. Oğurluqda əlbir olan dostlardan digəri - Yaqub Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.