Yay mövsümündə yanğına məruz qalan meşə zolaqları bərpa olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən növbəti meşəbərpa tədbiri Şahdağ Milli Parkının Qəbələ bölməsinin Bum meşəbəyliyinin ərazisində keçirilib. Avqust ayında yanğına məruz qalmış sözügedən ərazi artıq əkinə hazır vəziyyətə gətirilib və Şahdağ Milli Parkının əməkdaşlarının iştirakı ilə ərazidə yerli şəraitə uyğun 1000-dən çox ağac əkilib, toxum səpilib. Keçirilən meşəbərpa tədbirləri zamanı Regional Meşə Təsərrüfatı mərkəzlərinin tinglik sahələrində yetişdirilmiş ağac tinglərindən və milli parkdakı ağaclardan toplanmış toxumlardan istifadə olunub.