Bu gün - 26 noyabr tarixi - Azərbaycan kələğayısı günüdür...
Azərbaycan qadınının gözəllik simvollarından biri olan kəlağayı milli dəyərlərimizdən biridir. Dünya inciləri siyahısında da yer alan bu milli sənətimizin yaşaması, təbliğ edilməsi, nəsillərdən-nəsillərə ötürülməsi çox vacibdir. Çünki kəlağayıda Azərbaycanın qədim tarixi, mədəniyyəti, adət-ənənələri, etnoqrafiyası, folkloru yaşayır.
Azərbaycanda Kəlağayı istehsalı ta qədimlərə gedib çıxır. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərləri yüksək keyfiyyətli kəlağayılar hazırlayan şəhərlər sırasında olub. Bu baş örtüyünün bir çox bölgələrdə istehsal olunmasına baxmayaraq, kəlağayı şimal-qərbdə yerləşən Şəki şəhərində və İsmayıllının Basqal qəsəbəsində daha geniş yayılıb. Kəlağayının daha çox məhz bu bölgələrdə toxunmasının və yüksək keyfiyyətinin səbəbi, heç şübhəsiz Şəki ipəyidir. Kəlağayı basmanaxış üsulu ilə həndəsi və ya nəbati naxışlarla bəzədilir. Naxışların hər biri özündə böyük məna ehtiva edir.