Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədilə inşa olunmuş evlərin mülkiyyət hüququnun rəsmiləşdirilməsi davam edir. Bu dəfə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Şamaxı rayonunda səyyar qeydiyyat xidmətləri göstərilib. Şamaxıda təbii fəlakət nəticəsində dağılmış və ya yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilən yaşayış evlərinin sənədləşdirilməsi məqsədilə səyyar qeydiyyat xidməti göstərilib. Səyyar qeydiyyat xidməti çoxmənzilli yaşayış binasında olan mənzilləri və fərdi yaşayış evlərini əhatə edib. Rayonda 174 bu cür ev siyahıya alınıb. Belə tədbirlər sayəsində vətəndaşlar heç bir quruma getmədən, əlavə vaxt itkisi olmadan daşınmaz əmlaklarına dair çıxarışları əldə edirlər. Bütün bunlar isə vətəndaş məmnunluğunun, eləcə də əlçatanlıq, şəffaflıq və rahatlığın artmasına səbəb olur. Əmlak Məsələləri Dövlət Xidməti yerli icra hakimiyyəti orqanları tərəfindən təqdim olunan siyahıya uyğun olaraq Gəncə, Şəki, Yevlax, Şirvan, Balakən, Beyləqan, Gədəbəy, Göygöl, İmişli, Kürdəmir, Qax, Qəbələ və Zərdabda da səyyar qeydiyyat xidmətlərinin göstərilməsini davam etdirəcək.