Ötən həftə Köbər Zəyzid kəndsakinlərinin son ümid yeri kimi Kanal S-ə müraciəti əsasında su təminatındakı problemlərini, kənddə mövcud olan artezianların quruması və çökməsi səbəbindən fəaliyyətini dayandırmasını işıqlandırmışdıq. Sözügedən süjetimiz efirə getdikdən sonra Şəki Suvarma Sistemləri idarəsi hərəkətə keçərək problemin aradan qaldırılmasına çalışıb. Nəticədə kənddə mövcud artezian və subartezian quyularında bərpa işləri aparılaraq sakinlərin istifadəsinə verilib. İdarənin baş mühəndisi Allahverdi Həmidov bildirib ki, kəndin əkin sahələrinin və təsərrüfatlarının suvarılma suyu ilə təminatında hər hansı bir çatışmazlıq yoxdur. Qurum rəsmisi sakinlərin narazılığına səbəb olan artezian və subartezianların sıradan çıxması məsələsinə də aydınlıq gətirib.