Hacı Hacizadə Qaxın Çüdüllü kəndində doğulub boya-başa catıb. Orta məktəbi bitirdikdən sonra o, 2017-ci ilin oktyabrında hərbi xidmətə gedib. Hərbi xidməti başa vurub kəndə qayıtsa da Hacının ürəyində olan vətənpərvərlik hissi onu rahat qoymayıb. Anasına, dostlarına həmişə Vətən uğrunda döyüşəcəm, şəhid olacam deyirmiş. Vətən müharibəsi başlayan zaman Hacı evdəkilərdən xəbərsiz Hərbi Kommissarlığa gedib və könüllü olaraq qeydiyyatdan keçib. Sentyabrın 29-undan döyüşlərə qatılan qəhrəman şücaətilə fərqlənib. O, Füzuli və Şuşanın azad olunmasında yaxından iştirak edib. Noyabr ayının 9 da isə qanı bahasına bağlı olduğu bayraq günündə əbədiyyətə qovuşub. Hacı Hacızadə ölümündən sonra “Şuşanın azad olunmasına görə”, “Cəsur Döyüşcü” və “Vətən Uğrunda” medalları ilə təltif olunub.